Ramin

Azərbaycan Dövlət rəqs ansamblının çıxışı fransalı qonaqları məmnun etmişdir.

87 972
0
0
01:50

Опубликовано:

Bakı, 10 mart (AzərTAc). Martın 10-da Azərbaycan Dövlət rəqs ansamblı Bakıda səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyəti qarşısında konsert proqramı ilə çıxış etmişdir.
AzərTAc xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində çıxış edən ansamblın ifasında “Cəngi”, “Qarabağ”, “Nəlbəki”, “Uzundərə”, “İgidlər” və digər rəqs nümunələri təqdim olunmuşdur.
Qonaqlara məlumat verilmişdir ki, ansambl 1970-ci ildə yaradılmışdır. Fəaliyyət göstərdiyi 40 ildən artıq müddətdə bu kollektiv milli rəqs ənənələrinə əsaslanaraq Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olmuşdur. Ansamblın gərgin əməyi sayəsində öz obrazlılığı, rəngarəngliyi, təbiiliyi və incəliyi ilə seçilən Azərbaycanın milli rəqs yaradıcılığı son illər xeyli inkişaf edərək, xarici ölkələrdə də məşhurlaşmışdır.
Bildirilmişdir ki, 1982-ci ildən bu günədək kollektivə Xalq Artisti Afaq Məlikova rəhbərlik edir. Fəaliyyəti dövründə professional kollektiv səviyyəsinə çatmış Dövlət rəqs ansamblı yüksək sənətkarlığa malik olan ifaçılar nəsli yetişdirmişdir. Professionallardan ibarət olan bu kollektiv bir çox beynəlxalq səviyyəli festivallarda yaddaqalan çıxışlar etmişdir. Kollektiv 1979-cu ildə Beynəlxalq Karfogen folklor festivalının qızıl medalına layiq görülmüşdür.
Qonaqlar Dövlət rəqs ansamblının hər bir ifasını heyranlıqla seyr etmiş və alqışlarla qarşılamışlar.
Sonda ifaçılara minnətdarlığını bildirən Frederik Mitteran demişdir: “Siz bu gün bizlərə olduqca gözəl və unudulmaz anlar yaşatdınız. Siz ata-babalarınızın milli rəqslərlə bağlı qoyub getdiyi tarixi keçmişi olduqca gözəl ifa tərzi ilə yaşatmaqla yanaşı, həm də onu təbliğ edirsiniz. İnanıram ki, siz tezliklə bu məharətinizi Fransada da nümayiş etdirə biləcəksiniz. Şübhə etmirəm ki, fransalı həmkarlarınızla bir yerdə olmaq və qarşılıqlı əməkdaşlıq sizlərə yeni uğurlar gətirəcəkdir. Mən sizin hamınıza bir daha təşəkkür edirəm”.

Следующее видео